CƏMİYYƏT
Vyetnam və Laosdan olan qonaqlar: Azərbaycanı özümüzə ikinci Vətən hesab edirik
Bakı, 10 may, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Vyetnam-Azərbaycan və Laos-Azərbaycan Dostluq assosiasiyalarının üzvləri ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə F.Muradov Azərbaycanın Vyetnam və Laosla əlaqələrinin tarixinə toxunub, komitənin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, Azərbaycan evləri, Koordinasiya şuraları və Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat verib. Deyib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü torpaqlarımızın 20 faizinin işğal olunması və 1 milyon insanın yurd-yuvasından didərgin düşməsi ilə nəticələnib, 2020-ci ildə 30 illik işğala 44 gün ərzində son qoyulub.
Komitə sədri xaricdə yaşayan azərbaycanlıların Vətən müharibəsi zamanı birlik və həmrəylik nümayiş etdirmələrindən də söz açıb. Qeyd edib ki, qonaqların təmsil etdiyi ölkələrdə azərbaycanlıların sayı çox azdır, bu səbəbdən vaxtilə respublikamızda təhsil almış Vyetnam və Laos vətəndaşlarının Azərbaycanla Dostluq Assosiasiyası yaratması çox təqdirəlayiq haldır. Diqqətə çatdırılıb ki, bu qurumlar öz ölkələrində Azərbaycan adına diaspor fəaliyyəti ilə məşğul ola bilərlər.
Qonaqlar 40 ildən sonra vaxtilə təhsil aldıqları Azərbaycanda yenidən olmaqdan qürur duyduqlarını bildiriblər. Qeyd edilib ki, onlar Azərbaycanı özlərinə ikinci Vətən hesab edirlər. Qonaqlar Şuşaya səfər etdiklərini və orada aparılan bərpa-yenidənqurma işlərinin sürətinə heyran qaldıqlarını vurğulayıblar.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.